İQTİSADİYYAT
Paytaxtın Abay Kunanbayev küçəsinin bir hissəsində yenidənqurma işləri aparılır VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Bakı şəhərinin Binəqədi rayonu ərazisindəki Abay Kunanbayev küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Mövcud kommunikasiya xətləri bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb.
Məlumata əsasən, küçənin uzunluğu 1,8 kilometr, mövcud eni isə ortalama 9 metr təşkil edir. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsi 12-13 metrə qədər genişləndiriləcək.
Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazır olan hissələrdə isə asfaltlanma işləri aparılıb. Ümumilikdə yolun 1 kilometrə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni piyada səkiləri qurulub, mövcudları isə bərpa olunaraq asfaltlanıb.
Eyni zamanda, yararsız qruntun çıxarılması, yeni əsasın inşası, hərəkət hissəsinin genişləndirilməsi və vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunaraq asfaltlanması işləri aparılır. Yolboyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Yola düzüləcək yeni səki daşlarının ümumi uzunluğu 4 min poqonmetrə yaxın olacaq.
Təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları və baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.
İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.