ELM VƏ TƏHSİL
Pedaqoji kadr hazırlığı ilə məşğul olan ADPU zəngin elm və təhsil ənənələrinə malikdir
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) birinci kursa qəbul olunmuş tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov ölkə rəhbərliyinin müəllim hazırlığına xüsusi diqqət yetirdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlir. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ADPU zəngin elm və təhsil ənənələrinə malikdir. Yaxın gələcəkdə bu ali məktəbin 100 illik yubileyi qeyd ediləcək. 2017-2018-ci tədris ili kollektiv üçün uğurlu göstəricilərlə başlayır. Bu il 259 nəfər 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Universitetdə keyfiyyətli təhsil imkanlarının yaradılmasına çalışırıq. Gənclərin qarşınızda dayanan əsas vəzifə isə yaxşı təhsil alıb ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis kimi yetişməkdir.
Görüşdə ADPU-nun tarixi, keçdiyi böyük inkişaf yolu, tanınmış məzunları, ölkəmizin ali təhsil sistemindəki yeri və mövqeyi, tədris və imtahan prosesi, universitetdə həyata keçirilən islahatlar barədə tələbələrə ətraflı məlumat verilib.
Yüksək balla universitetə qəbul olunmuş tələbələr çıxış edərək yaxşı oxuyacaqlarını, müasir və peşəkar mütəxəssis kimi yetişmək üçün əzmlə çalışacaqlarını vurğulayıblar.
Sonra tələbələrin və valideynlərin sualları cavablandırılıb, universitetə yüksək balla daxil olan gənclərə kitablar hədiyyə edilib.