DÜNYA
Pekində koronavirusa yoluxan bir nəfərə görə təcili karantin tədbirləri görülür
Bakı, 19 oktyabr, AZƏRTAC
Uzun fasilədən sonra Çinin paytaxtı Pekində bir nəfərin COVID-19 infeksiyasına yoluxduğu aşkarlanıb.
AZƏRTAC CGTN telekanalına istinadla xəbər verir ki, şəhərin sanitar-epidemioloji xidmətlərinin məlumatına görə, müsbət test nəticəsi Pekinin cənub-qərbində yerləşən Fentay rayonunda Qansu əyalətindən gələn şəxsdə qeydə alınıb. Yerli hakimiyyət orqanları epidemioloji təhqiqata və infeksiyanın yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinə başlayıb.
Çinin gigiyena və səhiyyə məsələləri üzrə Dövlət komitəsinin məlumatına görə, ötən sutka ərzində ölkənin materik hissəsində 25 koronaviruslu xəstə aşkarlanıb ki, onlardan da doqquzu bilavasitə ölkədə yoluxub. Ümumilikdə isə Çinin materik hissəsində xəstəliyi simptomsuz keçirən 356 nəfər tibbi müşahidə altında saxlanılır.
Qeyd edək ki, pandemiyanın başladığı dövrdən indiyə qədər Çində 96 min 571 nəfər koronavirusa yoluxub ki, onlardan 4 min 636 nəfəri həyatını itirib.