DÜNYA
Pentaqon: Bu il Suriya və İraqda İŞİD qruplaşmasının 686 üzvü öldürülüb
Bakı, 30 dekabr, AZƏRTAC
ABŞ və Qərb koalisiyasına daxil olan ölkələrin bu il İraq və Suriyada həyata keçirdikləri əməliyyatlar nəticəsində İŞİD qruplaşmasının 686 üzvü öldürülüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Bu il ABŞ müttəfiq ölkələrlə birlikdə İraq və Suriyada İŞİD qruplaşmasına qarşı 313 əməliyyat həyata keçirib. Həmin əməliyyatlar nəticəsində İraqda ən azı 220, Suriyada isə 466 qruplaşma üzvü öldürülüb. Eyni zamanda İraqda 159, Suriyada isə 215 silahlı əsir götürülüb. Bu əməliyyatlar zamanı Amerikalı hərbçilər arasında ölən və yaralanan olmayıb”, - deyə məlumatda bildirilib.
“Sarsılmaz Qətiyyət” əməliyyatının komandanı general-mayor Mett Makfarleyn anti-terror əməliyyatlarının 2023-cü ildə də davam edəcəyini vurğulayıb: “Biz İraq və Suriyadakı tərəfdaşlarımızla birgə İŞİD qruplaşmasının məhv edilməsi barədə qarşıya qoyulan hədəfimizə sadiqik”.
İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya 2014-cü ildə yaradılıb. İraq ordusu 2015-ci ildən başlayaraq koalisiyanın dəstəyi ilə ölkənin üçdə birini ələ keçirən qruplaşmaya qarşı əməliyyatlara başlayıb. 2017-ci ilin dekabrında Bağdad ölkə ərazisinə nəzarəti tam bərpa edib. Buna baxmayaraq, ölkənin müxtəlif bölgələrində İŞİD-in gizli şəbəkələrinə qarşı əməliyyatlar hələ də davam edir.