ELM VƏ TƏHSİL
Peşə məktəbləri arasında xalçaçılıq üzrə müsabiqə elan olunub
Bakı, 30 aprel, AZƏRTAC
“WorldSkills Azerbaijan” platforması milli xalçaçılıq irsimizin qorunması və xalçaçılıq sənətinə marağın artırılması məqsədilə peşə məktəblərinin tələbələri və məzunları arasında “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” xalçaçılıq müsabiqəsi elan edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” kateqoriyaları üzrə keçirilən müsabiqədə iştirakçılar bu ixtisasın tədris olunduğu 16 peşə məktəbi tərəfindən daxili seçim əsasında müəyyən ediləcək. Aprelin 30-dan mayın 15-dək davam edəcək müsabiqədə seçilən iştirakçıların müvafiq kateqoriyaya uyğun xalçalar hazırlaması nəzərdə tutulur. Hazırlanan xalçalar münsiflər heyəti tərəfindən eskizə uyğunluq, tikiş texnikası və rəng yaradıcılığı kimi meyarlar əsasında qiymətləndiriləcək.
Yarışın sonunda ən yaxşı xalça müəllifi olan tələbələr, onların ustaları və təmsil etdikləri peşə təhsil müəssisələri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasına qoşulmaq və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.