SİYASƏT
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
Varşava, 21 sentyabr, Anar Rzayev, AZƏRTAC
Sentyabrın 21-də Polşanın paytaxtı Varşavada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Alyansa üzv agentliklərin rəhbərlərinin iştirak etdikləri iclasda EANA-nın illik hesabatı dinlənilib, növbəti maliyyə ili üçün büdcəsi təsdiqlənib. 31 üzv agentliyin səsverməsinin nəticələrinə əsasən, Almaniyanın DPA agentliyinin Baş icraçı direktoru Piter Kropş EANA-nın prezidenti seçilib (20 səs). Çexiyanın CTK və ANA-MPA agentlikləri İcraiyyə Komitəsinin üzvləri, Rumıniyanın Agerpres agentliyinin Baş direktoru Aleksandr Giboi isə növbəti üç il müddətinə təşkilatın baş katibi seçiliblər.
Alyans üzvlərinin qərarı ilə EANA-nın növbəti Baş Assambleyası 2019-cu il sentyabrın 18-20-də Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək. Bundan əlavə, Alyansın üzvləri Andorra xəbər agentliyinin 10 illiyi münasibətilə noyabrın 7-9-da həmin ölkədə təşkil ediləcək yubiley tədbirinə dəvət olunublar.