CƏMİYYƏT
Plastik tullantıların toplanması üçün 10-dan çox konteyner quraşdırılıb
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, polietilen torbalar və plastik qablardan istifadənin tədricən azaldılmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ETSN-in plastik tullantıların ətraf mühitə təsirlərinin azaldılması sahəsində nəzarət həyata keçirdiyini və bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin daha geniş vüsət alması məqsədilə tədbirlər gördüyünü deyib. Mətbuat katibi "Yaşıl fikirlə sağlam gələcəyə" devizi altında keçirilən aksiyanı xatırladaraq, belə tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Nazirliyin ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev artıq Bakı, Sumqayıt və Gəncədə plastik tullantıların toplanması məqsədilə 10-dan çox xüsusi konteynerin quraşdırıldığını qeyd edib. O bildirib ki, bundan əlavə, digər rayonlarda da konteynerlərin quraşdırılması üçün icra hakimiyyətlərinə müraciət olunub və müsbət cavablar alınıb.
Plastik tullantıların toplanmasına, çeşidlənməsinə və təkrar emalına xidmət göstərən "Azekol", "Azersun Holdinq" və "Metak" şirkətlərinin nümayəndələri müəssisələrin tullantıların idarə olunması sahəsində gördüyü işlər barədə məlumat veriblər.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov əhalinin plastik tullantıların xüsusi konteynerlərə atılmasında və polietilen torbalardan istifadənin azaldılmasında maraqlı olduğunu vurğulayıb.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.