SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft və təbii qaz təchizatçısıdır

Bakı, 18 iyul, AZƏRTAC

Gündəliyimizin mühüm hissəsi sözsüz ki, enerji təhlükəsizliyi ilə bağlıdır və burada biz yalnız böyük, tarixi nailiyyətləri, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edə bilərik. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Dövlətimizin başçısı əlavə edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi ilə Məşvərət Şurası, həmçinin bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz 2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.

Artıq 15 ildir ki, Azərbaycanın Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısı olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “İndi sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.