DÜNYA
Professor Qulamrza Cəmşidian: Etiraz aksiyalarına son qoymaq üçün xalqın tələblərini nəzərə almaq lazımdır
Tehran, 14 noyabr, AZƏRTAC
İranda iki aydan bəri davam edən kütləvi aksiyalar yerli və xarici mətbuatla yanaşı, elmi dairələrin də müzakirəsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Tehran Universitetinin İctimai elmlər fakültəsinin dekanı professor Qulamrza Cəmşidian apardığı tədqiqatın nəticələrini açıqlayıb. O, aksiyaların daha gərgin keçdiyi Sistan-Bəlucistan vilayəti barədə apardığı müşahidələrə əsasən bildirib ki, bu bölgədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Onun sözlərinə görə, İranda baş verən hər bir neqativ hadisəni xarici dövlətlərin xüsusi xidmət orqanlarının üzərinə qoymaq düzgün deyil. Əlbəttə, İrana xarici müdaxilə var, lakin əhalinin sosial vəziyyətinin olduqca aşağı səviyyədə olması kütləvi aksiyaların daha da genişlənməsi üçün rəvac verir.
Professor qeyd edib ki, xarici müdaxiləyə imkan verməmək üçün daxildə əhalinin sosial-iqtisadi vəziyyətini, ilk növbədə, işsizliyi, inflyasiyanı aradan qaldırmaq lazımdır. Ölkədə cinayətkarlığın artmasının əsas səbəbi də məhz iqtisadi vəziyyətin ürəkaçan olmamasının nəticəsidir. Müşahidələr göstərir ki, 10 il əvvəl Tehran və Əlborzda cinayətkarlığın səviyyəsi çox aşağı idi. Lakin son 10 ildə cinayətkarlığın və narkotik vasitələrin qaçaqmalçılığının artması insanların sosial vəziyyətinin pisləşməsinə bağlıdır. Hökumət tez bir zamanda iqtisadi proqramlar hazırlayıb həyata keçirməlidir. Əks təqdirdə kütləvi etiraz aksiyaları bir müddətdən sonra səngisə də, gələcəkdə yeni bəhanələrlə bir də başlayacaq.
Q.Cəmşidian bildirib ki, İslam inqilabının qorunması üçün İran xalqı 250 min şəhid verib. Lakin 40 il ərzində inkişafa doğru addımlar atılsa da, köklü problemlər öz həllini tapmadı. Bu gün etiraz edən gənclər yalnız normal həyat tərzi istəyirlər. Ona görə də problemlər həll olunmalı və insanların həyat şəraiti yüksəlməlidir.
Professor ölkədəki korrupsiya və şəffaflığın olmamasına da xüsusi diqqət ayırıb. O, kütləvi aksiyalara son qoyulması üçün xalqın tələblərinin nəzərə alınmasını əsas amil hesab edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran