SİYASƏT
QADINLARIN İQTİSADİ FƏALLIĞININ VƏZİYYƏTİ ARAŞDIRILIR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikada qadın sahibkarların dəqiq statistikası aparılmır. Bəzi mənbələrə əsasən, qadın sahibkarlar kiçik və orta sahibkarların 7-8 faizini təşkil edir. Qadınların iqtisadi fəallığını məhdudlaşdıran amillərdən biri onların ölkədə aparılan iqtisadi islahatlara və özəlləşdirmə prosesində lazımi səviyyədə iştirak etməməsidir. Özəl sektorda çalışan qadınların yalnız 3 faizinin öz biznesi vardır. Mülkiyyət sahibliyinin aşağı olması, ilkin kapitalın olmaması, maliyyə bazarının tapılmasında çətinliklər, zəruri bilik və bacarıqların azlığı qadınları özəl bizneslə məşğul olmaqdan çəkindirən səbəblərdir.
Müəyyən edilmişdir ki, fəaliyyət sahəsindən və iqtisadiyyatın sektorlarından asılı olaraq, qadınların və kişilərin məşğulluq strukturunda müəyyən fərqlər mövcuddur. Qadınların fəaliyyət göstərdiyi sahələr əsasən tibb, təhsil, mədəniyyət və elm, kredit və sığorta sektorlarıdır. Kişilər isə, əsasən, istehsal sahələrində üstünlük təşkil edirlər.