YUBİLEY TƏBRİKLƏRİ
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik
Asəf Hacıyev
Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov cənablarına
Hörmətli Aslan müəllim,
Sizi və Agentliyin bütün işçilərini AZƏRTAC-ın 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, işlərinizdə uğurlar və hər birinizə möhkəm cansağlığı arzulayıram.
Müasir dövrdə ölkələrin inkişafında ən önəmli anlayışlardan biri dəqiq, ədalətli və operativ informasiyadır. Xəbərin zamanında cəmiyyətə düzgün çatdırılması, lazımi tədbirlərin vaxtında görülməsi ən vacib məsələlərdən biridir. Yüzillik yubileyini qeyd edən AZƏRTAC həm Sovet Azərbaycanının (müxtəlif adlarla), həm də müstəqil Azərbaycanın tarixində önəmli rol oynamışdır.
Qanlı Yanvar hadisələri, Xocalı soyqırımı kimi Azərbaycanın ən ağır günlərində, eləcə də Dağlıq Qarabağ münaqişəsi əsasında cəbhə bölgəsində yaranan vəziyyəti Agentliyin əməkdaşları ön sıralarda olaraq dünyaya çatdırırdı.
Bu gün AZƏRTAC dünyanın bir çox ölkələrində, eləcə də qardaş Türkiyədə uğurla fəaliyyət göstərir və Azərbaycanda baş verən hadisələri, xüsusilə də Prezident İlham Əliyevin ölkəmizin inkişafı üçün apardığı vacib islahatları geniş yayaraq burada baş verən hadisələri dünyaya tanıdır. AZƏRTAC-ın dünya informasiya məkanında qətiyyətlə möhkəmlənən mövqeyini görmək, gerçəkdən çox qürurvericidir.
Hörmətli Aslan müəllim,
Sizə və rəhbərlik etdiyiniz kollektivə bir daha möhkəm cansağlığı, ailə səadəti və ölkəmiz haqqında lazımi informasiyanın dünyaya çatdırılmasında böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Baş katibi, akademik Asəf Hacıyev
İstanbul