REGİONLAR
Qax Olimpiya İdman Kompleksi rayon əhalisinin idmana maraq və həvəsini artırıb
Universal idman zalı, müasir standartlara uyğun üzgüçülük hovuzu, süni ot örtüklü futbol stadionu, basketbol, voleybol, tennis meydançaları və digər idman qurğularının fəaliyyət göstərdiyi bu idman mərkəzində müxtəlif yarışların, təlim-məşq toplantılarının, tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.
“Qax Olimpiya İdman Kompleksi” MMC-nin direktoru Rasim Məmmədov AZƏRTAC-a bildirib ki, hazırda kompleksdə idmanın olimpiya növlərindən olan futbol, üzgüçülük, taekvando, sərbəst güləş üzrə yaradılmış qruplarda 150 nəfərədək yeniyetmə və gənc idmanla müntəzəm məşğul olur. Bundan əlavə, əhalinin müxtəlif yaş qrupları da öz sağlamlıqlarının qeydinə qalaraq vaxtaşırı kompleksin xidmətlərindən istifadə edir. Yay aylarında idman kompleksinin xidmətlərindən abunəçi qismində 400, birdəfəlik buraxılışlarla isə 2 min nəfərdən artıq əhali yararlanıb.
İdman qurğusunun rəhbərliyi əhalini, xüsusilə yeniyetmə və gəncləri kompleksin xidmətlərindən daha çox yararlanmağa dəvət edir.