REGİONLAR
Qaxda Aşağı Malax-Qaçqaçay-Armudlu avtomobil yolları yenidən qurulur VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Qax rayonunda uzunluğu 12,5 kilometr olan və Qax-Qaçqaçay-Armudlu avtomobil yolunun 11-ci kilometrindən ayrılan Aşağı Malax-Qaçqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, VI texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metr təşkil edir.
Görülən işlər çərçivəsində layihənin Qaçqaçay hissəsində mövcud köhnə arx qazılaraq, yenisi çəkilib. Uzunluğu 830 metr olan yeni arxın ətrafına 640 poqonometr səki daşı düzülüb. Bundan başqa, Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşasına da start verilib. Hazırda körpünün kənar dayaqlarının tikintisi aparılır.
Layihə çərçivəsində işlər 1500 metr uzunluğa malik Malax avtomobil yolunda aparılır. Ardıcıllığa uyğun olaraq bu hissədə artıq torpaq işləri və nəzərdə tutulan suötürücü boruların quraşdırılması işləri yekunlaşıb. Hazırda yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə istifadəyə veriləcək.