REGİONLAR
Qaxda tütün əkini ilə əlaqədar indiyədək 50 fermerlə müqavilə bağlanılıb
Qax, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari təsərrüfat ilində rayonda 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər bu il 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar bu günədək 50 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8160 kvadratmetr olan 550-dək sadə istixananın hazırlanması işləri yekunlaşmaq üzrədir. Hazırda istixanalara toxum səpilir. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin ortalarında sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artıb.