CƏMİYYƏT
Qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.
Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.