DÜNYA
Qazaxıstanda “Astana maliyyə günləri” mövzusunda beynəlxalq konfrans keçirilir
Astana, 4 iyul, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astananın 20 illiyi münasibətilə “Astana maliyyə günləri” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda iqtisadiyyat və maliyyə məsələləri ilə bağlı müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində bir sıra forumlar, "AIFC Digital Exhibition" rəqəmsal təşəbbüsləri sərgisi keçiriləcək, Astana Beynəlxalq Maliyyə Mərkəzinin açılışı olacaq.
“Astana maliyyə günləri” çərçivəsində, həmçinin Astana İslam İqtisadiyyatı Forumu, qlobal maliyyə forumu, ikinci kapital bazarlarının beynəlxalq forumu, Avrasiya iqtisadi komissiyasının sessiyası təşkil edilib.
Tədbirdə beynəlxalq maliyyə institutlarının rəhbərləri, xarici dövlətlərin başçıları, Pültzer və Nobel mükafatları laureatları iştirak edirlər. Dünyanın 40 ölkəsindən nümayəndələr iqtisadiyyat, maliyyə, ekologiya və informasiya texnologiyalarının müxtəlif sahələri üzrə fikir mübadiləsi aparırlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana