REGİONLAR


Qazilərimiz stend atıcılığı yarışında iştirak ediblər

Naxçıvan, 27 iyun, AZƏRTAC

Naxçıvan Atıcılıq Mərkəzində Vətən müharibəsinin qaziləri arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilib. 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yarış qazilərimizin asudə vaxtlarının səmərəli təşkili, atıcılıq idman növlərinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, atışlar iki mərhələdə icra olunub və nəticələr 5 fərqli rakursdan atılan uçan hədəflərin vurulmasına görə hesablanıb. Qələbə uğrundakı maraqlı mübarizə Cövdət Əliyevin üstünlüyü ilə tamamlanıb. Əli Bayramov ikinci, Əli Əlisoy isə üçüncü olub.

Mükafatlandırma mərasimində Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli, Paralimpiya Federasiyasının sədri Nicat Babayev, gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək muxtar respublikada qazilərə, şəhid ailələrinə, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək dövlət qayğısı barədə danışıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlamlıq imkanları məhdud şəxslərin idmana cəlbi istiqamətində atılan addımların davamlı xarakter aldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə daim qürurla xatırlanır, şəhidlərimizin xatirəsi əziz tutulur. Müharibə nəticəsində sağlamlıq imkanlarından məhrum olan hərbçilərimizin reabilitasiyası diqqətdə saxlanılır, sosial qayğılarının həlli istiqamətində əməli tədbirlər görülür. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, birincilik Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.