REGİONLAR
Qəbələdə əmək yarmarkasında 71 nəfər işlə təmin olunub
Qəbələ, 18 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət mərkəzində baş tutan yarmarkanın açılış mərasimində çıxış edən Qəbələ Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov və rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 39 idarə, müəssisə və təşkilat tərəfindən 280 boş iş yeri təqdim olunub.
Vakant iş yerlərinə görə vətəndaşlara 109-700 manat məbləğində əmək haqqı təklif olunub. Yarmarkada iştirak edən 415 nəfər işaxtaran və işsiz vətəndaşdan 71-i öz istəyinə və ixtisasına uyğun olaraq göndəriş alıb, bir nəfər kvota yerinə işə cəlb olunub. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində, turizm obyektlərində işlə təmin olunublar.