REGİONLAR
Qobustanda tibb işçilərinin vaksinasiyası davam edir
Qobustan, 25 yanvar, AZƏRTAC
Qobustan rayonundakı modul tipli şəhər xəstəxanasında COVID-19 infeksiyasına qarşı vətəndaşların vaksinasiyası davam edir. İlkin olaraq bu prosesə tibb işçiləri cəlb olunub və artıq 115 nəfərə peyvənd vurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaksinasiya prosesinə 4 peyvənd, 6 gözləmə, 2 qeydiyyat və 2 təcili yardım otağı ayrılıb. Bütün lazımi avadanlıqlarla, o cümlədən soyuducular və termoçantalarla təchiz olunan otaqlarda peyvənd edilən vətəndaşlar üçün hər cür şərait yaradılıb.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq tibb işçilərindən sonra gələn aydan xüsusi risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunacaq heyət peyvəndlənəcək. Bunun üçün artıq qrafik tərtib olunub. Hazırda əhali arasında təbliğat-izahat işləri aparılır.