CƏMİYYƏT
RAGB-in dəstəyi ilə Maliyyə savadlılığı günü
Moskva, 30 noyabr, AZƏRTAC
Moskvada, RF Hökuməti yanında Maliyyə Universitetində Maliyyə savadlılığı günü keçirilib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev lektoriya-praktikumun açılışında çıxış edərək bildirib ki, bu tədbirin keçirilməsi əlaqədar ali məktəblər olan “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti (AİM MTU), RF Hökuməti yanında Maliyyə Universiteti və G.V.Plexanov adına Rusiya İqtisad Universiteti tələbələrinin təşəbbüs qrupuna RAGB-in sədri Leyla Əliyevanın dəstəyi sayəsində mümkün olub. E.Hacıyev deyib: “Tələbələrin peşə hazırlığının, ixtisasının artırılmasına kömək edən belə tədbirlər şanlı ənənəyə çevrilib”.
Məruzəçilər arasında uğur qazanmış treyderlər, habelə AİM MTU-nun, Maliyyə Universitetinin müəllimləri olublar. Mühazirələrdə müvəffəqiyyətli treydinq strategiyalarının nümunələri, maliyyə sisteminin inkişaf proqnozları nəzərdən keçirilib, Rusiyanın və Azərbaycanın bank sistemlərinin spesifikası ətraflı araşdırılıb.
Tədbirin ikinci hissəsində tələbələrin maliyyə savadlılığını müəyyən etmək üçün praktikum keçirilib. Praktikumun nəticələrinə görə, qaliblər RAGB-in qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva