ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda elmi seminar: Spektroskopik tədqiqat metodları
Bakı, 24 may, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Spektroskopik tədqiqat metodları” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Bir sıra ali təhsil müəssisələrindən bakalavr, magistr və doktorantların iştirak etdiyi seminarda institutun laboratoriya rəhbəri kimya elmləri doktoru, professor Müslüm Qurbanov mövzu ətrafında öz fikirlərini səsləndirib.
İnstitutun baş elmi işçisi fizika üzrə elmlər doktoru Nüşabə Hacıyeva spektroskopik tədqiqatların tarixi və bu istiqamətdə aparılan tədqiqatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra institutun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Sevinc Məlikova molekulyar spektroskopik metodlar haqqında ümumi məlumat verib. Seminar zamanı spektroskopiya sahəsində ən müasir cihazlar haqqında məlumatların da yer aldığı poster nümayiş olunub.
Məruzə maraqla qarşılanıb və sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov bu sahədə treninqlərin davam etdiriləcəyini bildirib.