ELM VƏ TƏHSİL
Regionlarda peşə təhsili ilə bağlı təbliğatın gücləndirilməsi vacibdir
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri İradə Yaqubova hazırlıq mərhələsində Bərdə Peşə Liseyində aparılan monitorinqlə yanaşı, peşə sənətkarları ilə bağlı videoçəkilişlərin aparıldığını söyləyib.
Qeyd edilib ki, bunun üçün isə ilk peşə təhsilinə icma üzvlərinin marağının artırılması, regionlarda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, peşələrə münasibətin köklü dəyişilməsi və digər tədbirlər Strateji Yol Xəritəsi və digər proqramlarda nəzərdə tutulub.
Nəzərə çatdırılıb ki, layihənin yekunu olaraq facebook.com sosial şəbəkəsində ictimai müzakirələrə yol açan “Peşə mənim fəxrimdir” səhifəsi yaradılacaq.
Ekspert Orxan Cabbarlı iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və digər sahələrdə peşəkarlara ehtiyac olduğunu söyləyib, ilk peşə ixtisaslarına marağın azaldığını bildirib.
Almaniyada peşə təhsilinə maraq və təcrübədən danışan Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin metodisti Xosrov Musayev regionlarda peşə təhsili ilə bağlı təbliğatın gücləndirilməsinin vacibliyini qeyd edib, peşəyönümlü ixtisaslara böyük ehtiyac olduğunu söyləyib.
Sonra regionlarda sənətkarlar haqqında layihə çərçivəsində çəkilən videoçarxlar nümayiş etdirilib.