REGİONLAR
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı Lerikdə uğurla icra olunur
Lerik, 25 iyul, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Lerikdə görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Lerikdə də uğurla icra olunur.
Qeyd edilib ki, yüksək dağlıq ərazidə yerləşən Lerik rayonunda havaların yağmurlu keçməsi səbəbindən və qış aylarında rayonda tikinti-abadlıq işlərinin aparılması mümkün olmadığından 2018-ci il üçün nəzərdə tutulmuş işlərin icrasına əsasən aprel ayından başlanılıb. Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı qazılmış küçə və meydanların asfaltlanması, kommunal binaların təmiri, xiyaban və parklarda bərpa işləri, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi işləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, rayonda kənd təsərrüfatı sahəsində də qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Hazırda Lerikdə taxıl biçini kompaniyası davam edir.
İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikovun hesabat məruzəsi dinlənilib.
Müzakirələrdə çıxış edən rayon kənd təsərrüfatı idarəsinin rəisi Mahmud Zahidov, təhsil şöbəsinin müdiri Zöhrab Salayev, elektrik şəbəkəsinin rəisi Namiq Quliyev və müəllim Hüseynbala Əliyev bu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini bildiriblər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı R.Bağırov qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.