İQTİSADİYYAT
Rəqəmsal marketinq sahəsində yeni layihə -“Bookelemoon”
Bakı, 4 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 4-də “Niquel” şirkətinin rəqəmsal marketinq sahəsində yeni layihəsi olan “bookelemoon.az” saytının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, şirkətlərin nümayəndələrinin və gənclərin iştirak etdikləri tədbirdə saytın imkanlarından danışılıb. Bildirilib ki, yeni fəaliyyətə başlayan saytda məlumatlar altı bölmədə (əyləncə, geyim, hədiyyə, restoran, sağlamlıq və təhsil) təqdim olunur. İstifadəçilər bölmələrdə müxtəlif şirkətlərin endirim aksiyaları ilə tanış ola bilərlər. Portalın əsas üstünlüyü ondan ibarətdir ki, bu endirimlərdən faydalanan hər kəs sayt tərəfindən bonuslar əldə edəcək.
“Əsasən tələbələr üçün nəzərdə tutulan “Bookelemoon” layihəsi ölkəmizdə informasiya texnologiyaları və marketinq sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan “Niquel"in tərkibində 2018-ci il martın 4-də yaradılıb. Layihənin əsas məqsədi brendlər üçün mövcud endirimlərə platforma vasitəsilə müştərilərin cəlb edilməsinə nail olmaqdır. Endirim növlərinin müxtəlifliyindən asılı olmayaraq, hər bir müştəri əməkdaşlıq etdiyimiz şirkətlərin məhsulları haqqında qısa zamanda məlumatlandırılacaq. Əsas hədəfimiz son dövrdə dünyada sürətlə inkişaf edən rəqəmsal marketinq sahəsinin ölkəmizdə tətbiqinə nail olmaqdır. Yaxın günlərdə saytın mobil tətbiqi də əlçatan olacaq”, - deyə “Niquel” şirkətinin təsisçisi Elnur Səfərov bildirib.
Təqdimatda iştirak edən şirkətlərin nümayəndələri və layihənin digər üzvləri də “bookelemoon.az” saytının gənclər üçün faydalarından söhbət açıblar.
Sonra “bookelemoon.az” saytının imkanlarını əks etdirən videoçarx nümayiş olunub.