CƏMİYYƏT
Reydlər zamanı qanunsuz yolla əldə edilmiş 62 kisə kömür aşkarlanıb
Bakı, 4 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə dekabrın 25-dən 29-dək növbəti reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı rayonun Təngivan kənd sakini Əlibaba Məmmədova məxsus “Kamaz” markalı 42 BR 421 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 4,91 kubmetr həcmində fıstıq, 3,8 kubmetr həcmində ağcaqayın və 0,03 kubmetr həcmində qızılağaccinsli taxta materialı aparıldığı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 2100,29 manat məbləğində ziyan tətbiq edilib.
Gəncə şəhəri ərazisində keçirilən reyd zamanı Göygöl rayonu Tülallar kənd sakini Vüqar Məmmədova məxsus sahədə satış məqsədilə ümumi çəkisi 713 kiloqram olan 62 kisə kömür aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 986 manat məbləğində ziyan tətbiq edilib.
Həmçinin Goranboy rayonu Qaraçinar kənd sakini Səfəralı Zalova məxsus ağac emalı sexində 0,4 kubmetr həcmində cökəcinsli və Kəlbəcər rayon sakini Şahin Süleymanova məxsus ağac emalı sexində, ümumilikdə, 0,99 kubmetr həcmində göyrüş, cökə və fıstıqcinsli taxta materialı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara, ümumilikdə, 123,50 manat məbləğində ziyan tətbiq edilib.
Hazırda reydlər davam etdirilir.