İDMAN
Romada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş futbol yarışı keçirilmişdir VİDEO
Roma, 16 iyun (AZƏRTAC). Romada 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş futbol yarışı keçirilmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyinin, “Orange” futbol klubunun, İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının (İAGA), bu ölkənin gənclər təşkilatları “Giovani nel Mondo”, “Movimento Studentesco” və “Sapienza in Movimento”nun birgə təşkilatçılığı ilə keçirilən yarışda dörd komanda iştirak etmişdir.
Gərgin mübarizə şəraitində keçən yarışda Azərbaycanı təmsil edən İAGA komandası ikinci yerə layiq görülmüşdür.
Sonra yarışla bağlı təşkil olunan mətbuat konfransında İAGA-nın təsisçisi Fərid Abbasov çıxış edərək Azərbaycanda idman sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə idman sahəsi daim diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bu gün Azərbaycan bütün dünyada həm də idman ölkəsi kimi tanınır. Azərbaycanın tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi də bu baxımdan vacib məqamdır.
Tədbirdə digər çıxış edənlər də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmiş və bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunacağına əminliklərini bildirmişlər.
Sonra səfirliyin əməkdaşı Samir Allahverdiyev qaliblərə mükafatları təqdim etmişdir.
Tədbirdə İtaliyada fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, müxtəlif universitetlərin tələbələri və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma