İQTİSADİYYAT
Rusiya Dəmir Yolları tranzit taxıl daşımalarına 45 faiz güzəşt tətbiq edib
Bakı, 17 mart, AZƏRTAC
“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (RDY ASC) Qazaxıstandan Cənubi Qafqaza tranzit taxıl daşımalarına 45 faiz güzəşt tətbiq edib. Bu qərar Cəmiyyətin idarə heyətinin iclas protokolunda öz əksini tapıb.
AZƏRTAC RDY ASC-nin “RJD-partnyor” saytına istinadla xəbər verir ki, Qazaxıstandan Kiqaş (Rusiya Federasiyası ilə Qazaxıstanın sərhədi – Samur (Rusiya Federasiyası ilə Azərbaycanın sərhədi) marşrutu üzrə inventar parkının vaqonlarında tranzit taxıl daşımaları üçün 45 faiz güzəşt tətbiq edilib.
MDB ölkələrinin dəmir yollarında tarif siyasəti üzrə beynəlxalq yükdaşımaların dərəcələrinə 0,55 indeksi 2018-ci il martın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Bu müddətdə RDY ASC belə daşımalarda iştirak edən dəmir yolu administrasiyalarına məxsus qatarlardan istifadə edilməsinə görə ödənişdən azad olunur.