İDMAN
Rusiyalı futbolçu ömürlük diskvalifikasiya edilib
Bakı, 16 noyabr, AZƏRTAC
Keçmiş rusiyalı yarımmüdafiəçi Dmitri Aydov Beynəlxalq Futbol Federasiyasının (FIFA) qərarı ilə ömürlük cəza alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyində məlumat verilib. Belə ki, Belarusun “Qomel” komandasının heyətində oynayan futbolçu ölkə çempionatında danışılmış oyunlarda iştirakda təqsirləndirilib. İstintaqa görə, o, 22 min dollar müqabilində oyunları satıb. Belarusiya Futbol Federasiyası rusiyalını ömürlük diskvalifikasiya edib.
FİFA-nın qərarına əsasən D.Aydov heç bir səviyyədə futbol fəaliyyətində iştirak edə bilməyəcək.
Qeyd edək ki, 38 yaşlı futbolçu buna qədər “Nijni Novqorod”un “Volqa”, Moskvanın "Torpedo", Mahaçqalanın "Anji", Tulanın "Arsenal" klublarında çıxış edib. “Qomel” komandasını isə 2017-ci ildən təmsil edib. O, 2018-ci ilin iyulunda karyerasını başa vurub.