İQTİSADİYYAT
Ruslan Əliyev: Azərbaycan ilə Rusiyanın dialoqunda iqtisadi diplomatiyanın rolunu lazımınca qiymətləndirmək çətindir
Moskva, 22 oktyabr, AZƏRTAC
“Çoxsaylı insanları və şirkətləri cəlb etməklə iqtisadi əməkdaşlığın daim inkişaf etdirilməsi bütün sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin davamlı inkişafı üçün təməl yaradacaq. Mənim fikrimcə bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi hüququ məsələsində Rusiya rəhbərliyinin ölçülüb-biçilmiş mövqeyini müəyyən mənada izah edir”.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, iqtisad elmləri namizədi Ruslan Əliyev bu fikirləri RBK agentliyinə müsahibəsində söyləyib.
Ticarət nümayəndəsi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunu olan ilk prezidentdir. Son illərdə Azərbaycan və Rusiya ticari-iqtisadi münasibətlərin bütün spektri üzrə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi, genişmiqyaslı birgə infrastruktur layihələrinin reallaşdırılması xəttini seçiblər. Dialoq yüksək sürətlə davam edir. Bu sürəti qoruyub saxlamaq və daha da artırmaq, hər iki ölkədə biznes üçün yeni imkanlar açmaq lazımdır.
Bir həftə bundan əvvəl MDBMİ-nin azərbaycanlı gəncləri ilə görüşdəki çıxışında yüksək intellektin və güclü məntiqin ən mürəkkəb münaqişələri belə nizamlamağa qabil olduğunu söyləyib.
İlham Əliyev Rusiya KİV-lərinə müsahibəsində qeyd edib ki, Rusiya və Azərbaycan rəhbərlərinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, həm də irəli gedirik. Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluğu çox cəhətdən işgüzar qarşılıqlı fəaliyyətə əsaslanır. Bu məsələdə iqtisadi diplomatiyanın rolunu lazımınca qiymətləndirmək çətindir.
“Ticarət nümayəndələri təsisatı 2017-ci ilin əvvəlində Prezidenti İlham Əliyev tərəfindən yaradılıb və təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyaya təyin edilib”, - deyən Ruslan Əliyev vurğulayıb ki, qarşılıqlı ticari əlaqələrlə yanaşı investisiya və innovasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensial var. Əvvəllər tərəflərin qarşısında duran əsas məsələ ticarət baryerlərinin və məhdudiyyətlərinin aradan qaldırılması idisə, indi ölkələr əsas diqqəti regional əhəmiyyətli iri logistik layihələr, əlavə dəyər zəncirini qurulması, texnologiyaların birgə inkişafı üzərində cəmləşdirirlər.
Ticarət nümayəndəsi vurğulayıb ki, Rusiya çoxmillətli ölkə, Azərbaycan isə multikulturalizm və müxtəlif mədəniyyətlərə, dinlərə və millətlərə hörmət nümunəsidir. O deyib: “Ölkələrimiz həmişə güclü xalq diplomatiyası, humanitar əməkdaşlıq, birgə elmi araşdırmalar kimi tellərlə bağlı olub”.
R.Əliyevin sözlərinə görə, hazırda Azərbaycan böyük dəyişikliklər astanasındadır. Lakin bu dəyişikliklər Rusiya-Azərbaycan dialoquna yalnız müsbət mənada təsir göstərməlidir. Azərbaycanın ticarət nümayəndəsi deyib: “İlham Heydər oğlu həmişə mənim üçün nümunə olub. O, millətin lideri, dünya səviyyəli siyasi xadim, parlaq diplomat və adı böyük hərflərlə yazılmağa layiq olan insandır. O, regional siyasəti qurucu şəkildə yeniləşdirməyə nail olub. Sülh bərpa olunacaq. Biz bu dəyişikliklərə güclü iqtisadi mövqe və beynəlxalq arenada nüfuz sahibi kimi yaxınlaşmışıq”.
Ölkəmizin Rusiya Federasiyasındakı ticarət nümayəndəliyinin nəzdində fəaliyyət göstərən biznes-klub çərçivəsində Rusiya və Azərbaycan biznes nümayəndələrinin görüşləri keçirilir. Pandemiyaya, ölkədə hərbi vəziyyətə baxmayaraq işgüzar əlaqələr qurulması davam edir. Ruslan Əliyevin fikrincə, Azərbaycan və Rusiya ilə münasibətlər ilbəil möhkəmlənəcək, dövlətlərimizin dünyamiqyaslı birgə layihələrlə bağlı ciddi planları var. İqtisadi platformanın sabitliyini təmin etmək üçün nə mümkündürsə etmək lazımdır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva