ELM VƏ TƏHSİL
“SABAH” məzunlarının buraxılış mərasimi keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Heydər Əliyev Mərkəzində “SABAH”ın məzunu-2022” mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları “Mən “SABAHAM” adlı sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra “SABAH” qrupları ilə bağlı videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev “SABAH” qruplarının məqsədindən söz açıb. 2014-cü ildə Təhsil Nazirliyinin innovativ təşəbbüsü olaraq fəaliyyətə başlayan “SABAH”ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb.
Emin Əmrullayev bu gün məzun olan “SABAH” tələbələrinin böyük əksəriyyətinin peşə fəaliyyətinin işğaldan azad edilmiş ərazilərlə bağlı olacağına əminliyini ifadə edib.
Məzunlara tövsiyələrini çatdıran Emin Əmrullayev indiyə qədər ümumilikdə 3800-dək “SABAH” məzunu olduğunu deyib, onlara yaradılan imkanlardan danışıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində gənclərə yaradılan imkanları vurğulayan nazir “SABAH” məzunlarına bu proqram çərçivəsində magistratura təhsilindən yararlanmağı tövsiyə edib.
Emin Əmrullayev məzunları və onların valideynlərini təbrik edib, uğurlar arzulayıb.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən “SABAH”ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbirdə “SABAH” məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi “SABAH” açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Mərasimin sonunda “SABAH” qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib.
Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda “SABAH” qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 41 ixtisas və 2400-dən artıq tələbəni əhatə edir. 2021-2022-ci tədris ili üzrə “SABAH” qruplarının məzunlarının sayı 830 nəfərdir.