ELM VƏ TƏHSİL
“SABAH.lab”dan startapçılara və sahibkarlığa dəstək
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycanda startapçıların, biznesə başlamaq istəyənlərin böyük arenalarda özlərini sübut edə biləcəkləri, biznes təhsili imkanları verən akselerasiya proqramı açılıb. Bu platformada qısa müddətdə praktik biliklər, investorlarla görüşlər, xarici və yerli mentor dəstəyi, ilkin investisiya imkanları, təmənnasız birgə çalışmaq və digər fürsətlər əldə etmək mümkündür.
Bunu AZƏRTAC-a “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı bildirib. O qeyd edib ki, proqramın əsas məqsədi ölkədə olan yüksək potensiallı gəncləri tapmaq və onlara dəstək göstərmək, əsas üstünlüyü isə gənclərə sahibkarlıqla bağlı hər şeyi aşılamaq, biznes istiqamətlərini sınamaq üçün maksimum dəstək vermək, tək olsalar belə startaplarını qurmaq üçün komandalara yerləşdirmək, həmçinin ideya və istiqamət verməkdir. Proqrama həm fərdi, həm də komanda şəklində müraciət etmək mümkündür. Fərdi şəkildə müraciət edən şəxslərə komanda quruculuğunda və ideya seçimində “IE Business School” tərəfindən hazırlanmış ideya bankı öz dəstəyini göstərəcək. Komanda şəklində müraciət etmək istəyən şəxslər hazır komandaya malik olmalı, qərar verdikləri ideya ilə bağlı əsaslandırıcı hesablamalar, xarici və yerli bazardan nümunələr təqdim etməlidirlər.
Onun sözlərinə görə, hazırda iqtisadiyyatın qeyri-neft sektorlarını inkişaf etdirmək üçün gündəmə uyğun olaraq innovativ, geniş istiqamətdə fəaliyyət sahələri yaradılır. Startaplar, sahibkarlar, innovatorlar mövcud olsa da, layihələrin mütləq şəkildə sınaqdan keçirilmələrinə ehtiyac var. “SABAH.lab”ın gətirəcəyi yenilik məhz bu istiqamətdədir. Bu layihələrin effektiv olması üçün birgə komanda şəklində işləmək, maliyyə dəstəyi, marketinq, mentor, informasiya texnologiyaları dəstəyi və s. mütləqdir.
R.Bayramlı bildirib ki, “SABAH.lab” çərçivəsində 6 aylıq intensiv inkişaf proqramı startapların qurulmasına və inkişafına xidmət göstərəcək. Bu xüsusi proqramın yaradılmasında “IE Business School” (“NY Times”a əsasən Avropada sahibkarlıq proqramına görə 1-ci, dünyada isə 8-ci sırada olan biznes məktəbidir) birbaşa iştirak edir. İştirakçılar proqram daxilində “IE Business School”un dəstəyi ilə innovativ təlim proqramına cəlb olunaraq akademik nəzəriyyə deyil, birbaşa tətbiq edə biləcəkləri praktikanı öyrənirlər. Həmçinin iştirakçılar bu proqram çərçivəsində yerli və xarici mentorların dəstəyi ilə startaplarını maksimum şəkildə inkişaf etdirə biləcəklər. Proqram daxilində əldə ediləcək digər imkan isə 25 min manata qədər investisiyadır. Proqram üçün müraciət etmək istəyən namizədlər www.sabahlab.edu.az/ linkinə daxil olaraq dekabrın 10-dək qeydiyyatdan keçə bilərlər.