İQTİSADİYYAT
ŞƏKİDƏ 2006-CI İLİN 9 AYININ YEKUNLARIGENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 21-də Nazirlər Kabinetinin 2006-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlərə toxunmuş, ölkəmizin başçısının həmin tədbirdə yerli icra hakimiyyəti orqanları qarşısında ciddi tələb və vəzifələr qoyduğunu vurğulamışdır.
Şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə Şəkidə 77 milyon manatlıq məhsul buraxılmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla icrası nəticəsində nəzərəçarpacaq dəyişikliklər baş vermiş, rayonun iqtisadi potensialından daha səmərəli istifadə edilməklə ayrı-ayrı sahələrin inkişafı təmin olunmuş, çoxlu sayda istehsal və emal müəssisələri açılmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, həyat şəraiti xeyli yaxşılaşmışdır. Bildirilmişdir ki, cari ilin 9 ayında rayonda 3594 yeni iş yeri açılmışdır. Onların 825-i daimidir. Ümumiyyətlə isə, Dövlət Proqramının qəbul edilməsindən ötən dövr ərzində Şəkidə 13 min 092 yeni iş yeri açılmışdır ki, bunun da 4403-ü daimidir.
Doqquz ayda sənaye məhsulu istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artmış, əsas kapitala investisiya qoyuluşu 33 milyon 186 min manata çatmış, 100 min tondan çox taxıl istehsal edilmişdir. Bu müddətdə qaramalın sayı 593 baş, davarın sayı isə 731 baş artmış, ət istehsalı 223 ton, süd istehsalı 2055 ton, yumurta istehsalı 186 min ədəd, yun istehsalı isə 37,7 ton çoxalmışdır.
Məruzədə və çıxışlarda Prezident İlham Əliyevin Şəkiyə builki tarixi səfərləri dövlət başçısının bölgəyə böyük sevgisi və etimadının, xüsusi diqqətinin təzahürü kimi qiymətləndirilmiş, şəkililərin bu etimadı daim doğruldacaqlarına, respublikanın ümumi inkişafına layiqli töhfələr verəcəklərinə əminlik ifadə olunmuşdur. Bildirilmişdir ki, Prezidentin qayğısı sayəsində bu gün hər bir azərbaycanlı gələcəyə daha inamla baxır, müsbət dəyişiklikləri öz gündəlik həyatlarında daim hiss edirlər.