İQTİSADİYYAT
SOCAR-ın ixrac etdiyi neftin həcmi 7,4 faiz artaraq 4,8 milyon ton olub
Bakı, 24 oktyabr, AZƏRTAC
SOCAR üzrə cari ilin üçüncü rübündə 18 min metrdən artıq qazma işləri həyata keçirilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrdən artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 faiz artıb. Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
Cari ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan artıq neft, 11 milyard kubmetrə yaxın qaz hasil edilib.
Hesabat dövründə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxşdir. Şirkət tərəfindən ixrac edilən neftin həcmi 7,4 faiz artaraq 4,8 milyon ton olub. SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.
Ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.