DÜNYA
SUYUN TƏMİZLƏNMƏSİ ÜÇÜN NADİR MEMBRAN HAZIRLANMIŞDIR
Bakı, 14 iyun, (AZƏRTAC). “Journal of Materials Chermistry” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, Suyun Texnologiyası Tədqiqat Mərkəzinin (UCLA) tədqiqatçıları suyun təmizlənməsi üçün yeni əkssüzmə membranı hazırlamışlar. Bu membranlar əvvəlkilərdən suyu təmizlədikdə çirklənməməsi ilə fərqlənir.
Sukeçirən membran artıq bu günkü istehsalat sisteminə daxil edilə bilər. Tədqiqatçılar bildirirlər ki, suyun təmizlənməsinə çəkilən xərclər xeyli azalacaqdır. Yüksək təzyiq altında vurulan su membranın məsamələrindən keçir, duz ionları, bakterialar və digər qatışıqlar isə burada ilişib qalır. Nasos stansiyalarında membranın təmizlənməsi küllü miqdarda enerji sərfini və bahalı qurğuların dəyişdirilməsini tələb edir.
Yeni membran isə bu nöqsanların aradan qaldırılmasına imkan verir. O, istiliyə davamlıdır, “şotka qatına” birləşdirilmiş polimer zəncirlər daim hərəkətdədir. Bir sözlə, membran uzun müddət işləmək qabiliyyətinə malikdir.
Suyun Texnologiyası Tədqiqat Mərkəzinin əməkdaşları hazırda yeni membranın çöl şəraitində iş xüsusiyyətlərini yoxlayırlar.