CƏMİYYƏT
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, oğurluq və quldurluq cinayətləri törədən 61 nəfər saxlanılıb VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları iyul ayında rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, soyğunçuluq törədən və üzərində qanunsuz olaraq silah saxlayan ümumilikdə 61 nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 40-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 10 min 143 ədəd yaş halda çəkisi 431 kiloqram olan narkotik tərkibli çətənə kolu və 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitələr aşkarlanıb.
Qeyd edilən dövrdə rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Balaxanı, Zabrat, Bakıxanov, Maştağa, Nardaran və digər qəsəbələrdəki evlərdən, mağazalardan silsilə oğurluqlar edən 12 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 85 şəxsi evdən və obyektdən pul və məişət əşyaları oğurladıqları müəyyənləşdirilib. Hesabat dövründə Sabunçu rayonunda üzərində qanunsuz olaraq silah saxlayan, quldurluq və soyğunçuluq edən üç nəfər də tutularaq istintaqa cəlb olunub.
Aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam edir.