DÜNYA
Sağçı radikallar AFR XİN-in uğursuzluqlarını tənqid edirlər
Berlin, 8 may, AZƏRTAC
Müxalifətçi sağçı radikal “Almaniya üçün Alternativ” partiyası ölkənin Xarici İşlər Nazirliyini kəskin tənqid edib. Partiyanın bəyanatında qeyd edilir ki, xarici siyasətdə uğursuzluqlar ABŞ ilə münasibətlərin pisləşməsinə gətirib çıxarıb.
AZƏRTAC “Almaniya üçün Alternativ” partiyasının mətbuat xidmətinin bəyanatına istinadla xəbər verir ki, fraksiyanın nümayəndəsi, Bundestaqın xarici siyasət komitəsinin üzvü Pyotr Bistronun fikrincə, hazırda Almaniya-Amerika münasibətləri İkinci Dünya müharibəsi başa çatandan bəri ən aşağı səviyyədədir. Bistron bunun təqsirini ölkənin Xarici İşlər Nazirliyində görür. Onun fikrincə, AFR ABŞ Prezidentinə münasibətdə çox tez-tez diplomatik nəzakətsizliyə və açıq-aşkar həyasızlığa yol verib.
Xatırladaq ki, bu gün yayılmış məlumata görə, ABŞ Dövlət katibi Maykl Pompeo dəqiqləşdirilməyən “təxirəsalınmaz hallar” səbəbindən Almaniyaya səfərini ləğv edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin