SİYASƏT
Sağlığında əfsanələşən Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha çox hiss edəcəyik
Bakı, 12 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər tariximizə böyük siyasi dönüşlər və yeni mərhələlərin başlanğıcı kimi yazılıb. Ümummilli Liderin siyasi, iqtisadi, mədəni və sosial-ictimai həyatımızın bütün sahələrində həyata keçirdiyi strateji islahatlar artıq gerçəkliyə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Bu sözləri dekabrın 12-də Ümummilli Liderin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Bakı şəhər sakini Rəsul Qurbanov deyib. O bildirib ki, Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, dövlətimizi və dövlətçiliyimizi möhkəmləndirmək olub. Onun lider kimi tarixi fəaliyyəti nəsillər üçün böyük bir məktəb olaraq, xalqımızın yalnız bu günü deyil, işıqlı sabahı üçün də geniş üfüqlər açır. Biz sağlığında əfsanələşən Heydər Əliyevin böyüklüyünü zaman keçdikcə daha çox hiss edəcəyik. Ümummilli Liderin Vətənimiz, xalqımız üçün gördüyü misilsiz işləri hər zaman xatırlamalıyıq. Çünki bizim borcumuz onun böyük zəhmətlə qurub-yaratdığı Azərbaycan dövlətini daha da inkişaf etdirməkdən ibarətdir ki, bunu da Heydər Əliyev ideyaları ətrafında sıx birləşmədən həyata keçirmək mümkün deyil.