İQTİSADİYYAT
Saltuk Düzyol: TANAP-ın inşası üzrə 1626 kilometr borunun qaynağı tamamlanıb
Bakı, 8 avqust, Nihad Budaqov, AZƏRTAC
Avqustun əvvəlinə Azərbaycan qazını Türkiyəyə və bu ölkədən də Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəmərinin (TANAP) quru hissəsinin inşası çərçivəsində 1804 kilometr uzunluğunda xəndək qazılıb.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
“Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 1364 kilometr, Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulan işlər üzrə isə 440 uzunluğunda xəndək qazılıb. Bu vaxtadək TANAP-ın tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək qazılıb”, - deyə S.Düzyol əlavə edib.
TANAP-ın baş direktoru qeyd edib ki, Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru marşrut xətti boyunca düzülüb. Bundan başqa Faza-0 çərçivəsində 1342 kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb. Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca düzülüb, 1626 kilometr borunun qaynağı isə tamamlanıb.
Qeyd edək ki, boru kəməri iki fazada inşa olunur. Faza-0 çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğundakı boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə stansiyası, bir ədəd ana xətt və bir ədəd kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi aparılır. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. Bu il avqustun əvvəlinə TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
Faza-1 üzrə nəzərdə tutulan işlər isə 48 düym diametrində yerüstü boru kəməri, iki ədəd ölçmə stansiyası və 36 düym diametrindəki qoşa boru xəttindən ibarət olan Dardanel boğazından keçən sualtı hissədir. Avqustun əvvəlinə Faza-1 üzrə işlərin 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.