REGİONLAR
Salyanda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
Salyan, 20 oktyabr, AZƏRTAC
Beynəlxalq Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Coca-Cola” şirkətinin əməkdaşlığı çərçivəsində Salyan rayonunda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, resurs mərkəzinin açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mərkəzin istifadəyə verilməsində məqsədin qadınların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etməkdən ibarət olduğunu bildirib. Qeyd edib ki, resurs mərkəzi qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərəcək.
Komitə sədri qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən də söz açıb. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində görülən işləri diqqətə çatdırıb. Əminliklə bildirib ki, Salyan rayonunda açılan Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanla təmsil etdiyi qurum arasında səmərəli əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Q.İshaqzai gənclərin və qadınların sosial-iqtisadi həyatda fəal iştirakının ölkənin kənd rayonlarında inklüziv və davamlı inkişaf üçün vacib olduğunu vurğulayıb, yeni yaradılan mərkəzlərin bu sahədə fəal rol oynayacağına əminliyini ifadə edib.
Digər çıxış edənlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlərdən danışıb, yeni açılan mərkəzlərin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, bu mərkəzlər qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.
Sonra peşə kurslarını bitirən 23 qadına sertifikat təqdim olunub.
Qeyd edək ki, BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində kənd qadınlarının icma həyatında mövqelərinin möhkəmləndirilməsi məqsədilə Sabirabad, Neftçala, Biləsuvar və Masallı rayonlarında da qadın mərkəzləri yaradılıb.