ELM VƏ TƏHSİL
Şamaxı rəsədxanası Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı genişləndirir
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdirləri, fizika üzrə fəlsəfə doktorları Bayram Rüstəmov və Ədalət Ətayi İran İslam Respublikasının Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi yay məktəbində iştirak ediblər.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan alimləri yay məktəbinin iştirakçılarına Şamaxı Astrofizika Rəsədxanasındakı teleskoplar, burada yaradılan şərait, müşahidələrdə istifadə olunan elmi cihazlar, yerinə yetirilən elmi-tədqiqat işləri barədə məruzələr edib, ulduzlar və planet atmosferləri sahəsində elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Şamaxı rəsədxanası ilə Marağa Astronomiya və Astrofizika Elmi-Tədqiqat İnstitutu arasında qarşılıqlı elmi əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə müqavilənin hazırlanaraq imzalanması qərara alınıb.