CƏMİYYƏT
Şamaxıda fəaliyyət göstərən marketdə istehlak üçün yararsız məhsullar aşkar olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı rayonunun S.Ə.Şirvani küçəsində vəzifəli şəxs Kərimov Rəhman Firuz oğluna məxsus “Vip” ərzaq mallarının satışı mağazasında yoxlama keçirilib.
Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Mağazada bir neçə adda ərzaq məhsulunun istifadə müddətinin bitdiyi, malların saxlanılması qaydalarının və mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.
İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.