İQTİSADİYYAT


Səbail rayonunda son doqquz ayda 3038 yeni daimi iş yeri açılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. Doqquz ayda qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb, ölkədə 226 min yeni iş yeri açılıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci ilin doqquz ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə məlumat verib. Qeyd olunub ki, 9 ay ərzində iri sənaye müəssisələri tərəfindən 17 milyard 707,7 milyon manatlıq məhsul istehsal edilib.

Doqquz ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulan investisiya 6 milyard 310.2 milyon manat olub, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 4 milyard 462.9 milyon manat olub.

Hesabat dövründə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 689.3 milyon manat məbləğində və ya 46.3 faiz çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən isə 219.4 milyon manatlıq pullu xidmət göstərilib.

Cari ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114593 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1478 manat olub ki, bu da keçən illə müqayisədə 12.2 faiz çoxdur.

Hesabat dövründə Səbail rayonunda 3038 yeni daimi iş yeri açılıb.

Diqqətə çatdırılıb ki, Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsində 2 ədəd iri tutumlu su anbarının tikintisı bitib, qəsəbənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.

RİH tərəfindən Bibiheybət qəsəbəsində “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”da 29 hektar ərazidə 80 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində isə 5 minə yaxın zeytun ağacı əkilərək böyük bağ salınıb. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması, yeniyetmələrin asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, yeni yaşıllıq sahələrinin yaradılması və əvvəl əkilən ağaclara qulluq göstərilməsi, rayon ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, mövcud MTK-lərdə xidmət haqlarının məbləğinin müəyyənləşdirilməsi və s. məsələlərə toxunublar, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.