CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beş illik yubileyi paytaxtın rayonlarında qeyd edilib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin beş illik yubileyi paytaxtın bir sıra rayonlarında da geniş qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Səbail rayonunda keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması barədə Fərmanının vətəndaşların hərbi xidmətə çağırışı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Dövlət Xidməti ötən beş ildə bu sahədə xeyli iş görüb, üzərinə düşən mühüm və məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.
Qurumun Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov Dövlət Xidmətinin, o cümlədən idarənin ötən beş il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
X X X
Nəsimi rayonunda keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Silahlı Qüvvələrimiz bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionun ən qüdrətli ordusuna çevrilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi polkovnik Eldəniz Əliyev və digər çıxış edənlər ordu quruculuğu, gənclərlə iş, hərbi vətənpərvərlik, səfərbərlik və hərbi çağırış sahəsində görülən işlərdən danışıb, qurumun bu sahədəki fəaliyyətini yüksək qiymətləndiriblər.
X X X
Suraxanı rayonunda keçirilən yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycanda səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəis müavini Vüsal Həsənov və digər çıxış edənlər qurumun ötən dövrdəki fəaliyyətindən danışıb, əldə olunan uğurları yüksək qiymətləndiriblər.
X X X
Qaradağ rayonunda yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən beş il ərzində qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirdiyini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi dövlət siyasətinin icrasını tələb olunan səviyyədə təmin etmək məqsədilə Xidmət tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik-leytenant İlqar Əlimirzəyev və digər çıxış edənlər bildiriblər ki, hazırda Silahlı Qüvvələrimiz güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Artıq müxtəlif ölkələrin gəncləri respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil alırlar.
X X X
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illik yubileyi Pirallahı rayonunda da geniş qeyd olunub. Tədbirdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident İlham Əliyevin Fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasını ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu prosesində növbəti mühüm mərhələ olduğunu qeyd edib.
X X X
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beş illik yubileyi münasibətilə keçirilən tədbirlərdə xidmətdə fərqlənən əməkdaşlar təltif olunublar.