SİYASƏT
Səfir: Türkiyə xalqı Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla anır
Tbilisi, 11 may, AZƏRTAC
Heydər Əliyev türk dünyası üçün dəyərli insan idi. O, Türkiyə üçün də vacib, böyük şəxsiyyətlərdən biridir. Türkiyə xalqı onun xatirəsini hər zaman dərin ehtiramla anır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan söyləyib.
Türkiyəli diplomat deyib: “Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadzenin bölgə üçün həyata keçirdikləri layihələr bu gün də davam edir. Bu layihələr bizim hamımız üçün vacib təhlükəsizlik və inkişaf qarantıdır”.
O bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, Bakı-Tbilisi-Qars layihələri məhz bizim üçün vacib perspektiv layihələrdir.
“Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və üç ölkə arasında iqtisadi əməkdaşlığa böyük önəm verir”, – deyə F.Ceren Yazqan vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi