MƏDƏNİYYƏT
Səfirin hədiyyəsi
Budapeşt, 11 dekabr, AZƏRTAC
Bu günlərdə XX əsr dünya türkologiya elminin görkəmli nümayəndələrindən biri, Azərbaycan əsilli türk alimi, uzun illər İstanbul Universitetinin professoru və Türkiyyat İnstitutunun rəhbəri vəzifəsində çalışmış Əhməd Cəfəroğlunun (1899-1975) anadan olmasının 120 illiyi Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd edilir. Bu münasibətlə İstanbul Universitetində həmvətənimizin adını daşıyan kitabxananın və “Əhməd Cəfəroğlu auditoriyası”nın açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanlı alim haqqında əsasən türkiyəli həmkarlarının araşdırma və xatirələrindən ibarət kitabın təqdimat mərasimi keçirilib. Alimin vətəni Gəncədə isə Gəncə Dövlət Universiteti respublika alimlərinin iştirakı ilə 3 günlük “Gəncədən Turana” adlı elmi-praktiki konfrans təşkil edib. Yubiley günlərində Əhməd Cavadoğlu irsinin Azərbaycanda ilk araşdırıcılarından biri, ölkəmizin Macarıstandakı səfiri, ədəbiyyatşünas alim Vilayət Quliyev İstanbul Universitetinin “Əhməd Cəfəroğlu kitabxanasına” öz şəxsi kitabxanasından 150 adda 160 cilddən ibarət kitablar hədiyyə edib.
Kitablar arasında Azərbaycan dili və ədəbiyyatına, çağdaş türkologiyanın problemlərinə, dilçilik və mədəniyyət məsələlərinə, türk xalqlarının müştərək tarixinə , macar türkologiyasına dair əsərlər üstünlük təşkil edir. Bu diqqətəlayiq addıma görə İstanbul Universiteti tük dili və ədəbiyyatı fakültəsinin dekanı, professor Hayatı Dəvəli səfir Vilayət Quliyevə minnətdarlığını bildirərək onun təşəbbüsünün digər azərbaycanlı və türk alimlər tərəfindən də dəstəklənəcəyinə və İstanbul Universitetində zəngin bir Əhməd Cəfəroğlu kitabxanasının qurulacağına ümid bəslədiyini bildirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt