ORDU
Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub
Ötən il oktyabrın 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təltif olunma mərasimində nazirliyin, rayon icra hakimiyyətinin, hərbi hissənin nümayəndələri iştirak ediblər.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İslam Gəncəliyev gizir A.Abdullayevin Vətənə şərəflə xidmət etdiyini vurğulayıb. O, bütün şəhidlərimizin, o cümlədən A.Abdullayevin də qisasının alınacağına və torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini bildirib.
İ.Gəncəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edib.
Şəhid atası Ə.Abdullayev oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə ucalmasından qürur hissi keçirdiyini vurğulayaraq, göstərilən diqqətə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.