MƏDƏNİYYƏT


Şəhid Mehrab Niftəliyeva ithaf edilmiş “Cəsur ürək” kitabının təqdimatı keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

Abdulla Şaiqin mənzil-muzeyində yazıçı-publisist Arzu Hacızadənin Vətən Müharibəsi Qəhrəmanı “Terminator” ləqəbli Mehrab Söhrab oğlu Niftəliyevin qəhrəmanlıq yoluna həsr olunmuş “Cəsur ürək” kitabının təqdimatı keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər silsiləsinə aid olan tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğurunda candan keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə kitabın təqdimatının məhz muzeydə keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd dib. O, Abdulla Şaiq və qardaşı Yusif Ziya Talıbzadənin də türkçülük, vətənpərvərlik ideyalarını öz yaradıcılıq və həyatlarında geniş təbliğ etdiklərini, Abdulla Şaiqin yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu, Yusif Ziya Talıbzadənin də ömrü boyu vətənin müstəqilliyi, millətin bütövlüyü uğrunda mübarizə apardığını və onun da şəhidlik zirvəsində ucaldığını vurğulayıb.

Kitabın müəllifi yazıçı-şair Arzu Hacızadə kitabın ərsəyə gəlmə səbəblərindən danışıb.

Çıxışlarda qeyd edilib ki, kitab Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, sağlığında əfsanəyə çevrilən “Terminator” ləqəbi ilə tanınan Mehrab Niftəliyevin Vətən müharibəsində Murovdağ yüksəkliyindən Şuşa qalasına kimi qəhrəmanlıq yolu keçdiyi ağır döyüş yolundan bəhs edir. O, bu döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, neçə-neçə döyüş texnikasını məhv edib.

Mehrab Niftəliyev 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizirlərin hazırlanması kursu”nu bitirib. 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmanlıqlar göstərib.

Mehrabın ən böyük arzusu Şuşaya Azərbaycan bayrağını sancmaq idi. Məhz elə bu arzu ilə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etməsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” , “Vətən uğrunda” və müxtəlif rayonların alınmasında göstərdiyi şücaətə görə medalları ilə təltif olunub.

Şəhidin atası Söhrab Niftəliyev oğlunun keçdiyi qəhrəmanlıq yolundan, igidlik zirvəsindən danışaraq qeyd edib ki, Mehrab hər zaman Vətəninə bağlı olub, onu ürəkdən sevib.

Sonra tarix elmləri doktoru Təranə Turan Rəhimli kitab və şəhidin keçdiyi döyüş yolu haqqında fikirlərini bölüşüb.

Tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə 58 nömrəli tam orta məktəbin şagirdləri “Cəsur ürək” əsərindən səhnəciklər göstərib, vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.