REGİONLAR
Şəhid Zamin Rüstəmovun xatirəsi anılıb VİDEO
Füzuli, 26 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Zamin Rüstəmovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, kənd sakinləri, qazilər iştirak ediblər. Şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.
Çıxış edənlər Zamin Rüstəmovun qəhrəmanlıq dolu həyat yolundan söhbət açıblar. Bildirilib ki, 2000-ci il oktyabrın 17-də Aşağı Yağlıvənd kəndində dünyaya göz açan Zamin düşmənlə təmas xəttinə yaxın kənddə böyüyüb. Gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayan Zamin həqiqi hərbi xidmətini də sərhəddə yerinə yetirib. Daha sonra öz istəyi ilə müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanıb, gizir rütbəsinə qədər yüksəlib. Vətən müharibəsi zamanı bir çox uğurlu tapşırığın icrasında əsl qəhrəmanlıq nümayiş etdirib. Oktyabrın 23-də Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı düşmən mühasirəsinə düşüb. O, düşmən tərəfindən əsir götürülməkdənsə ölümü üstün tutub və şəhidlik zirvəsinə yüksəlib.
Zamin döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.