REGİONLAR
“Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Beyləqan rayonunda təşkil olunub
Beyləqan, 23 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində növbəti tədbir Beyləqan rayonunun İkinci Şahsevən kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, Müdafiə Nazirliyinin nümayəndələri, N saylı hərbi hissənin əsgər və zabitləri, müəllim və şagirdlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra 2016-cı ilin Aprel döyüşlərinin şəhidlərinə həsr olunmuş videoçarx nümayiş edilib.
N saylı hərbi hissənin zabitləri Nemət Rəhimov və Elman Ağayev çıxış edərək, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə icra olunan “Şəhidlər unudulmur” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihə çərçivəsində orta ümumtəhsil məktəblərində tədbirlər keçirilir, Qarabağ müharibəsi veteranları ilə şagirdlərin görüşləri təşkil olunur, ən qabaqcıl siniflərə şəhidlərimizin adları verilir.
İkinci Şahsevən kənd tam orta məktəbinin direktoru Sevda Əliyeva çıxış edərək, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi baxımından “Şəhidlər unudulmur” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Şəhid atası Ələkbər Hüseynov çıxışında övladının şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu bildirib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlığını ifadə edib.
Sonra siniflərə İkinci Şahsevən kəndinin şəhidləri Dayandur Əliyevin, Telman Balakişiyevin, Çingiz Hüseynovun, Səlahəddin Nəcəfovun və Ayaz Hüsynovun şəkilləri təqdim edilib. Siniflərdə adları verilən şəhidlərin guşələri yaradılıb. Şəhid valideynləri şagirdlərə övladlarının məktəb illəri haqqında xatirələrini danışıblar.
Sonra məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.