SİYASƏT
Sergey Lebedev: Türkmənistan MDB-də uğurla sədrlik edir
Bakı, 19 iyun, AZƏRTAC
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin fikrincə, 2019-cu ildə Türkmənistan MDB-də uğurla sədrlik edir.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, S.Lebedev bu fikri Birlik üzvü olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının iclasından əvvəl jurnalistlərlə söhbətində söyləyib.
S.Lebedev deyib: “Türkmənistanın MDB-də sədrliyi kifayət qədər uğurla həyata keçirilir. Ötən yarım ildə sədrlik çərçivəsində Türkmənistan ərazisində və onun hüdudlarında kənarda bir sıra mühüm tədbirlər keçirilib. Elmi və yaradıcı ziyalıların forumunu, Hökumət Başçıları Şurasının mayın 31-də Aşqabadda keçirilmiş iclasını misal göstərə bilərəm. İyunun 21-də Minskdə MDB İqtisadi Şurasının növbəti iclası da Türkmənistanın sədrliyi ilə keçiriləcək”.
Türkmənistanın daimi nümayəndəsi Nəzərqulu Şahquliyev iclasda bu ilin birinci yarısında Türkmənistanın MDB-də sədrliyinin yekunları barədə məruzə edəcək. Bundan əlavə, MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının, müvafiq surətdə oktyabrın 10-u və 11-də Aşqabadda keçiriləcək iclaslarının gündəliklərinin layihələri barədə təkliflər Daimi Nümayəndələr Şurasının üzvlərinə təqdim olunacaq.
Sergey Lebedev deyib: “Əsas təkliflər artıq daxil olub. Lakin mənim fikrimcə, ən mühüm hadisə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar Birlik ölkələrinin dövlət başçılarının müraciətinin qəbul edilməsi olacaq. Bu, çox mühüm sənəddir. Müraciət, demək olar ki, hazırdır və güman edirəm ki, yekdilliklə bəyəniləcək. MDB ölkələrinin paytaxtlarından bildirilən münasibətdən görünür ki, bu sənədə böyük əhəmiyyət verilir”.
Daimi Nümayəndələr Şurasının iclasında təbii və texnogen xarakterli fövqəladə vəziyyətlər üzrə Dövlətlərarası Şuranın fəaliyyəti də müzakirə ediləcək. Bu məsələ barədə Dövlətlərarası Şuranın sədri, Belarus fövqəladə hallar nazirinin birinci müavini Aleksandr Xudoleyev çıxış edəcək. Səlahiyyətli daimi nümayəndələr MDB Hökumət Başçıları Şurasının mayın 31-də Aşqabadda keçirilmiş iclasının yekunlarını və iclasda qəbul edilmiş sənədlərin həyata keçirilməsi ilə bağlı vəzifələri müzakirə edəcəklər.
MDB İcraiyyə Komitəsinin, Səlahiyyətli Daimi Nümayəndələr Şurasının və MDB Xarici İşlər Nazirləri Şurasının 5 aprel tarixli qərarından irəli gələn tapşırıqların həyata keçirilməsi üzrə İqtisadi Şura yanında İqtisadi Məsələlər Komissiyasının birgə tədbirlər planının, habelə həmin iclasda nümayəndə heyətləri rəhbərlərinin irəli sürdüyü təkliflərin müzakirə edilməsi nəzərdə tutulur.